Hövsanda yeni stadionlar tikilir - (Video)

9 Avqust 2026 20:24

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı Azərbaycanda keçiriləcək. Çempionatın keçiriləcəyi futbol kompleksinin Hövsanda yaradılması nəzərdə tutulur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hazırda ərazidə işlər aparılır.

Əldə etdiyimiz məlumata görə, stadionlar Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Hövsan yaşayış kompleksi arasındakı təxminən 12 hektarlıq ərazidə inşa ediləcək.

Məlumata görə, layihə çərçivəsində burada ümumilikdə 10 futbol stadionunun yaradılması nəzərdə tutulur. Dünya çempionatının oyunlarının da məhz bu kompleksdə təşkili planlaşdırılır.

Beləliklə, yarış günlərində müxtəlif ölkələrdən Azərbaycana gələcək 15 yaşadək futbolçuların və nümayəndə heyətlərinin əsas məkanlarından biri Hövsan olacaq. Ancaq kompleksin funksiyası turnirlə yekunlaşmayacaq.

Qeyd edək ki, 15 yaşadək oğlanlar arasında FIFA Dünya Çempionatı və Festivalı ilk dəfə keçiriləcək. Yarışa Azərbaycan ev sahibliyi edəcək və turnir oktyabrın 22-dən 31-dək davam edəcək. Prezident İlham Əliyevin iyulun 27-də imzaladığı sərəncamla çempionatın keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli müvafiq Təşkilat Komitəsinə həvalə edilib.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)