Çay deyil, plastik içirsiniz - Ən sağlam çay dəmləmə üsulu

8 Avqust 2026 05:05

Səhər keyfi üçün dəmlədiyiniz bir fincan çayın içinə təkcə çay yarpaqları deyil, milyonlarla, hətta bəzi paketlərdə milyardlarla mikro və nanoplastik hissəcik də qarışa bilər.

Milli.Az xəbər verir ki, "Chemosphere" jurnalında dərc edilən yeni bir araşdırma bazarda geniş istifadə olunan bəzi çay paketlərinin isti su ilə təmas etdikdə ciddi miqdarda mikroplastik buraxdığını göstərib. Araşdırılan üç paket növü arasında ən yüksək ifrazı polipropilen tərkibli paketlər edib. Sellüloz əsaslı paketlər daha aşağı, neylon paketlər isə fərqli səviyyələrdə hissəciklər buraxıb.

Məsələnin daha da düşündürücü tərəfi odur ki, laboratoriya sınaqlarında bu mikro və nanoplastiklərin insan bağırsaq hüceyrələri tərəfindən qəbul edilə bilməsi və bəzi hissəciklərin hüceyrə nüvəsinə qədər çata bilməsi idi.

Hələ ki, "Bir stəkan paket çay xərçəng yaradır" deyə bilmərik. Elm bunu demir. Amma bu da bir reallıqdır: Bədənimizin plastikə ehtiyacı yoxdur. Üstəlik, mikroplastiklərin bağırsaq, immun sistemi, hormon balansı və xroniki iltihab üzərindəki ola biləcək təsirlərini araşdıran tədqiqatlar hər gün artır.

Bu gün əlimizdə daha təhlükəsiz seçimlər olduğu halda plastikdən hazırlanmış paketləri qaynar suya salmağın heç bir məntiqli izahı yoxdur. Çayın özünü deyil, qablaşdırmasını dəmləyirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)