İkardi "Qalatasaray"ın təklifini rədd etdi

7 Avqust 2026 18:43

"Qalatasaray"la yollarını ayıran ulduz hücumçu Mauro İkardi son addımı ilə diqqət mərkəzinə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, argentinalı forvard klub prezidenti Dursun Özbeyin onun şərəfinə təşkil etmək istədiyi vida tədbirindən qəti şəkildə imtina edib.

Belə ki, rəhbərlik "Vilyarreal"la keçiriləcək yoldaşlıq görüşündən öncə xüsusi bir vida mərasimi planlaşdırıb. Lakin bu tədbir üçün göndərilən rəsmi dəvət hücumçu tərəfindən geri çevrilib.

İddialara əsasən, bu gözlənilməz addımın arxasında gizli narazılıqlar dayanır. Bildirilir ki, 33 yaşlı təcrübəli futbolçu ayrılıq ərəfəsində baş verən bəzi hadisələrə görə həm klub rəhbərliyindən, həm də baş məşqçi Okan Burukdan incik düşüb və məhz bu səbəbdən İspaniya təmsilçisi ilə oyundan əvvəlki mərasimə qatılmaqdan boyun qaçırıb.

Xatırladaq ki, İstanbul nəhənginin heyətində 4 mövsüm çıxış edərək kapitanlığa qədər yüksələn ulduz futbolçu arxasında unudulmaz bir iz buraxıb. O, "sarı-qırmızı" rəngləri qoruduğu 134 rəsmi qarşılaşmada rəqib qapılarına 77 dəfə yol tapıb və 25 məhsuldar ötürmə ilə azarkeşlərin yaddaşına həkk olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)