Bu məhsulu qətiyyən almayın - Tərkibində təhlükəli maddə varmış - (Foto)

7 Avqust 2026 17:39

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Malayziya mənşəli bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb.

Milli.Az xəbər verir ki, laborator müayinələrin nəticələrinə əsasən, "Saffren dietary supplement" (istehsal tarixi: 01.02.2025, son istifadə tarixi: 01.02.2028) və "Spirulina" (istehsal tarixi: 10.01.2025, son istifadə tarixi: 09.01.2028) adlı məhsulların tərkibində istifadəsinə icazə verilməyən sibutramin maddəsi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Həmçinin uyğunsuz məhsulların ixracının dayandırılması məqsədilə Malayziyanın səlahiyyətli qurumuna rəsmi müraciət ünvanlanıb.

AQTA istehlakçılara bioloji aktiv qida əlavələrini yalnız etibarlı satış məntəqələrindən əldə etməyi və məhsulun mənşəyinə, etiket məlumatlarına və təhlükəsizlik göstəricilərinə diqqət yetirməyi tövsiyə edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)