Bakıda daha bir qadın estetik əməliyyatdan sonra öldü - Prokurorluqdan reaksiya - (Yenilənib)

7 Avqust 2026 17:23

Bakıda estetik əməliyyatdan sonra pasiyentin ölüm faktı prokurorluq tərəfindən araşdırılır.

Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Kəpəz" Hospitalında baş verən ölüm faktı ilə bağlı müvafiq olaraq Nəsimi rayon prokurorluğunda araşdırma başlanıb.

Qeyd edək ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turpun dünən "Kəpəz" Hospitalda keçirdiyi plastik əməliyyatdan sonra ölməsi barədə "Qafqazinfo" məlumat yayıb. Əməliyyatın cərrah Seymur Məmmədov tərəfindən icra olunduğu bildirilir.

Xatırladaq ki, bundan öncə də cərrah Seymur Məmmədovun əməliyyat etdiyi iki qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci il təvəllüdlü Pərvanə Mirzəyeva da həmin cərrah tərəfindən Yasamal rayonunda yerləşən "Etalon" klinikasında əməliyyat ediləndən sonra ölüb.

_______________

Bakı şəhər Nəsimi rayonu ərzisində yerləşən "Kəpəz" Hospitalda ölüm hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turp dünən tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib.

Bildirilib ki, Tulin Turp klinikada estetik cərrah Seymur Məmmədov tərəfindən əməliyyat edilib və səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.

Qeyd edək ki, daha əvvəl Seymur Məmmədovun əməliyyat etdiyi 2 qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bunlar 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci ildə anadan olmuş Pərvanə Mirzəyevadır. Hər iki qadının S.Məmmədov tərəfindən "Etalon" klinikasında əməliyyat ediləndən sonra öldüyü bildirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)