Pirallahıda Beynəlxalq Gənclər Gününə həsr olunan minifutbol festivalı keçirilib
7 avqust 2026-cı il tarixində Pirallahı rayonundakı 186 nömrəli tam orta ümumtəhsil məktəbində 12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə minifutbol üzrə rayon festivalı təşkil olunub.
Tədbir Pirallahı Rayon İcra Hakimiyyəti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Festivalda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rauf Əliyev, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Federasiyanın baş katibi Asim Xudiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Festival çərçivəsində komandalar arasında maraqlı və gərgin minifutbol oyunları keçirilib. İştirakçılar öz idman bacarıqlarını nümayiş etdirərək sağlam rəqabət mühiti və yüksək komanda ruhu sərgiləyiblər.
Tədbirin əsas məqsədi idmanın təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rayonda idmanın kütləviliyinin artırılması, həmçinin həvəskar gənclər arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi olub.
Festivalın sonunda fərqlənən komandalar və gənc oyunçular təşkilatçı qurumlar tərəfindən diplom, hədiyyə və mükafatlarla təltif olunublar. Sonda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)