Bakı Qızlar Universitetində müəllimləri narahat edən qərar - (Video)

7 Avqust 2026 15:14

Bakı Qızlar Universitetinin onlarla müəllimi və texniki işçisi iş yerlərinin taleyi ilə bağlı narahatlıq keçirir.

Milli.Az xəbər verir ki, universitetdə təhsil alan tələbələrin digər özəl ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı qərar qəbul edilib. Lakin bu qərarın universitetin bir sıra müəllim və texniki əməkdaşlarına necə şamil olunacağı hələ də sual olaraq qalır.

Əməkdaşlar bildiriblər ki, onları yalnız tələbələrdən ayrılmaq deyil, həm də iş yerlərini itirmək ehtimalı narahat edir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, Bakı Qızlar Universitetində 110-dan çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub. Onların yarıdan çoxunun elmi dərəcəsi yoxdur. Həmçinin əməkdaşların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir.

Nazirliyin məlumatına görə, universitetin fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərini itirməsinə səbəb olmayacaq.

Universitetin ştatında çalışan əməkdaşlara isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət etmək tövsiyə olunub. Elm və Təhsil Nazirliyi bu istiqamətdə müvafiq ali təhsil müəssisələrinə tövsiyələr verəcəyini açıqlayıb.

Mövzu ilə bağlı daha ətraflı "Xəzər Xəbər"in videomaterialını təqdim edirik:

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)