ABŞ Rusiyada həbsdə olan və hökumət rəsmisinə qarşı zorakılıqda ittiham edilən amerikalı Robert Gilmanın azadlığa buraxılmasını tələb edib.
Milli.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Gilmanın ailəsini təmsil edən "Global Reach" insan haqları qrupunun strategiya direktoru Erik Lesbon bildirib.
Onun sözlərinə görə, Ağ Ev və ABŞ Dövlət Departamentinin nümayəndələri Gilmanın azad edilməsi ilə bağlı Rusiya tərəfinə müraciət ediblər.
Lesbon qeyd edib ki, Rusiyada həbsdə olan ABŞ vətəndaşının təcili tibbi yardıma ehtiyacı var.
Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio iyulun 23-də Manilada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı Gilmanın azadlığa buraxılması məsələsini müzakirə edib.
Robert Gilman 2022-ci ilin yanvarında Voronej dəmir yolu stansiyasında "Suxum-Moskva" qatarında sərnişinlərin onun sərxoş davranışından şikayət etməsindən sonra saxlanılıb.
Bildirilir ki, polis bölməsində Gilman polis əməkdaşını təpikləyib. Bundan sonra o, hüquq-mühafizə orqanının əməkdaşına hücum etməkdə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra onun cəzası bir il azaldılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)