Zelenski Ceyhun Bayramovu qəbul edib (Foto/Video)

6 Avqust 2026 20:51

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Azərbaycan və Ukraynanın gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd etməyə hazırlaşdığı bir vaxtda strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstəyini bir daha təsdiqləyib.

Prezident Volodimir Zelenski Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də "Telegram" kanalında xarici işlər naziri Ceyhun Bayramovla görüşünə dair paylaşım edib.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir Rusiyanın genişmiqyaslı işğalından sonra ilk dəfədir səfər edir. O, səfərinə İrpindən başlayıb, burada məktəbə, xəstəxanaya və Azərbaycanın dəstək göstərdiyi reabilitasiya mərkəzinə baş çəkib. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə Ukraynaya gələrək bizə dəstək göstərdiyinizə görə çox minnətdarıq. Xalqımızla həmrəyliyinizə görə təşəkkür edirəm", - deyə paylaşımda qeyd olunub.

Bildirilib ki, görüş zamanı Rusiyanın Ukraynaya davamlı zərbələri, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini bloklaması barədə məlumat verilib.

"Yüksəksəviyyəli diplomatik təmasları, müdafiə sahəsində əməkdaşlığı, eləcə də energetika, neft-qaz sektoru və kənd təsərrüfatı sahələrində iqtisadi əməkdaşlığı müzakirə etdik. Ukraynaya göstərdiyi dəstəyə, enerji və humanitar yardıma, həmçinin konstruktiv dialoqa görə Azərbaycana minnətdaram", - deyə Volodimir Zelenski vurğulayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)