Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Azərbaycan Prezidentinin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə İlisu Milli Parkı yaradılıb və Ramramay şəlaləsi həmin milli parkın ərazisinə daxil edilib.
Bununla əlaqədar olaraq, əraziyə giriş milli parklar üçün müəyyən edilmiş qaydalara uyğun şəkildə bilet sistemi vasitəsilə tənzimlənir.
Milli park ərazilərində tətbiq olunan ödənişlər təbiət ərazilərinin mühafizəsinə, biomüxtəlifliyin qorunmasına, ekoturizm infrastrukturunun inkişafına və turist marşrutlarının saxlanılmasına yönəldilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2015-ci il tarixli 114 nömrəli Qərarına əsasən, milli parklara giriş haqqı hər bir ziyarətçi üçün 2 manat, avtonəqliyyat vasitələrinin dayanacaqla təmin edilməsinə görə isə 1 saat üçün 50 qəpik, gündəlik 5 manat müəyyən edilib.
------------
Qax rayonunun İlisu qəsəbəsi yaxınlığında məşhur Ramramay (İlisu) şəlaləsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna dair görüntülər sosial mediada yayılıb.
Bildirilib ki, bir qrup şəxs şəlalənin yaxınlığında tikili inşa edib və yola şlaqbaum qoyublar. Onların şəlaləni ziyarət etmək istəyən şəxslərdən ödəniş tələb etdiyi iddia edilib.
Ərazidən çəkilmiş görüntüləri təqdim edirik:
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)