Pul köçürmə limitlərin bazara real təsiri

6 Avqust 2026 18:54

AzFina və ABA-nın gündəlik əməliyyatların 5 tranzaksiya, aylıq isə 20 000 manatla məhdudlaşdırılması barədə tövsiyəsi əslində təkcə texniki limit məsələsi deyil, Azərbaycanda maliyyə sektorunun idarə olunması, regulyator mədəniyyəti və rəqabət mühitinin keyfiyyəti barədə çox ciddi suallar açır. Burada üç əsas istiqamət görünür: regulyator səlahiyyətinin sərhədləri, bankların real maraqları və istehlakçıların etimadı.

Birincisi, bu təşəbbüs faktiki olaraq "soft regulation" cəhdi kimi görünür, yəni formal hüquqi səlahiyyəti olmayan qurumlar, regulyator roluna yaxın mövqedən bazara siqnal verməyə çalışırlar. Beynəlxalq praktikada belə halların iki nəticəsi olur: ya bu siqnallar sonradan Mərkəzi bank və ya dövlət regulyatoru tərəfindən rəsmi siyasətə çevrilir, ya da Antiinhisar orqanları tərəfindən kartel riski kimi qiymətləndirilir. Azərbaycanda Mərkəzi Bank bu mövzuda susursa, assosiasiyaların belə sərt limit tövsiyəsi normativ boşluq fonunda "kölgə regulyasiya" təsiri yaradır və bu, hüquqi sistemin özünə zərbədir. Nazar iştirakçıları artıq anlamır, hansı qərar həqiqətən məcburidir, hansı sadəcə "lobbi" təşəbbüsüdür.

İkincisi, bankların maraqları ilə istehlakçıların maraqları arasında ziddiyyət kəskinləşir. Banklar üçün bu cür limitlər qısamüddətli perspektivdə AML/KYC risklərini azaltmaq, əməliyyat axınını nəzarətdə saxlamaq, fintex-lərin sürətli genişlənməsini yavaşlatmaq vasitəsi kimi görünə bilər. Xüsusilə kartdan-karta köçürmələr, onlayn ticarət, P2P ödənişlər bankların ənənəvi risk modellərinə tam oturmur və onlar bu sahəni "boğmaq" yox, "yavaşlatmaq" istəyirlər. Amma istehlakçı tərəfdən baxanda bu, maliyyə inklüzivliyinə zidd addımdır. İnsanlar nağdsız ödənişə, onlayn alış-verişə, kiçik onlayn biznesə keçdikcə, əməliyyatların süni məhdudlaşdırılması gündəlik iqtisadi davranışı cəzalandırmaq kimi qəbul olunur.

İstehlakçıların narazılığı burada emosional yox, rasional əsaslara söykənir. Bir tərəfdən onlara deyilir ki, rəqəmsal ödənişlərə keçin, nağdsız iqtisadiyyatı dəstəkləyin, digər tərəfdən isə bu rəqəmsal davranış limitlərlə məhdudlaşdırılır. Bu, dövlət siyasəti, bank strategiyası və assosiasiya tövsiyələri arasında uyğunsuzluq yaradır. Nəticədə istehlakçı bank sisteminə etimadı itirir. "Bu gün limit qoydular, sabah daha nəyi məhdudlaşdıracaqlar?" sualı yaranır. Etimadın zədələnməsi isə uzunmüddətli perspektivdə bankların özünə zərərdir, çünki rəqəmsal ekosistem etimad üzərində qurulur.

Beynəlxalq praktikaya baxanda, assosiasiyaların bu cür konkret limitlərə müdaxiləsi adətən iki halda baş verir: ya regulyatorla koordinasiyalı şəkildə, ya da sektor daxilində "özünütənzimləmə" çərçivəsində, amma istehlakçı maraqları nəzərə alınmaqla. Burada isə nə Mərkəzi Bankın açıq mövqeyi görünür, nə də istehlakçıların maraqlarını balanslaşdıran mexanizm. Bu, təşəbbüsü həm hüquqi, həm də reputasiya baxımından zəif edir. Əgər sabah Antiinhisar Xidməti bu tövsiyəni koordinasiyalı davranış kimi qiymətləndirsə, assosiasiyaların rolu sual altına düşəcək, banklar isə əlavə reputasiya zərbəsi alacaqlar.

"Banklar bu tövsiyəni diqqətdən kənarda saxlamalıdırmı?". Banklar bu tövsiyəni mexaniki şəkildə ya tam qəbul, ya tam rədd etməməlidirlər. Çünki tam qəbul edərlərsə, həm istehlakçı narazılığı, həm Antiinhisar riski, həm də rəqəmsal iqtisadiyyatın inkişafına zərbə ilə üzləşəcəklər. Tam rədd edərlərsə, assosiasiyalarla sektor dialoqu zəifləyəcək, risklərə qarşı koordinasiya imkanları azalacaq. Optimal yanaşma odur ki, banklar bu tövsiyəni yalnız öz risk modelləri, müştəri seqmentasiyası və real AML/KYC göstəriciləri əsasında filtrdən keçirsinlər. Yəni riskli hesab edilən dar seqmentlər üçün daha sərt limitlər, geniş istehlakçı kütləsi üçün isə daha elastik, davranışa uyğun limitlər.

Əsas problem odur ki, hazırkı tövsiyə "hamıya eyni ölçü" yanaşmasını təklif edir. Halbuki müasir bankçılıqda risk idarəetməsi fərdiləşdirilmiş olmalıdır. Müştərinin hesabı, əməliyyat tarixi, gəlir mənbəyi, fəaliyyəti nəzərə alınmadan hamıya eyni limit qoymaq həm iqtisadi, həm hüquqi, həm də sosial baxımdan "köhnəlmiş" yanaşmadır. Bu, daha çox "sistem özünü qorumaq üçün hamını məhdudlaşdırır" mesajı verir, nəinki "sistem riskləri ağıllı şəkildə idarə edir".

Bu kontekstdə istehlakçı narazılığı təkcə emosional reaksiya deyil, həm də siyasi-iqtisadi siqnaldır. Cəmiyyət bank sistemindən şəffaflıq, əsaslandırılmış qərarlar və balanslı regulyasiya gözləyir. Əgər bu gözlənti qarşılanmasa, insanlar alternativ kanallara, qeyri-rəsmi ödəniş sistemlərinə, kriptovalyutalara, nağd dövriyyəyə yönələ bilərlər. Bu isə nə Mərkəzi Bankın, nə bankların, nə də assosiasiyaların maraqlarına uyğundur.

AzFina və ABA-nın limit tövsiyəsi regulyator boşluğunu doldurmaq cəhdi kimi görünür, amma hüquqi əsaslandırma, istehlakçı maraqları və rəqabət mühiti nəzərə alınmadan irəli sürüldüyü üçün daha çox risk yaradır, nəinki problemi həll edir. Banklar üçün rasional seçim bu tövsiyəni kor-koranə qəbul etmək yox, onu öz risk siyasətlərinin bir input-u kimi görmək, amma qərarı yalnız hüquqi çərçivə, real risk göstəriciləri və müştəri davranışı əsasında verməkdir. İstehlakçıların narazılığı isə bu prosesdə nəzərə alınmalı əsas indikatorlardan biridir. Çünki, etimadı itirən maliyyə sistemi uzunmüddətli perspektivdə özünü də itirir.

Sədrəddin Ağcayev
Milli.Az