19 yaşlı Zeynəbin axtarışları 30 gündür nəticə vermir

6 Avqust 2026 16:03

Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi Zeynəb Məmmədzadədən artıq bir aydır xəbər yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, iyulun 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz hissəsində 4 nəfərin batması ilə bağlı hadisə baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinə başlayıblar.

Keçirilən əməliyyat nəticəsində 1975-ci il təvəllüdlü Rasim Məmmədov və 2016-cı il təvəllüdlü Aylin Məmmədzadə xilas edilib. 2005-ci il təvəllüdlü Raul Məmmədovun meyiti isə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Lakin hadisə zamanı itkin düşən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi, 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin axtarışları hələ də nəticə verməyib. Onun itkin düşməsindən artıq 30 gün ötür.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)