Sosial şəbəkələrdə məşhurları izləmək və onların həyatına maraq göstərmək adi hal sayılsa da, bu marağın həddindən artıq olması psixoloji asılılığa çevrilə bilər.
Milli.Az xəbər verir ki, bu barədə danışan türkiyəli psixoloq Jülidə Unutmaz bildirib ki, sosial media istifadəçilərdə izlədikləri məşhuru yaxından tanıyırmış kimi hiss yaradır.
Onun sözlərinə görə, zaman keçdikcə bəzi insanlar emosional bağlılıqlarını yalnız bir məşhura yönəldir, nəticədə isə real münasibətlərini və sosial həyatlarını ikinci plana atırlar.
Mütəxəssis qeyd edib ki, bu vəziyyət psixologiyada "məşhur pərəstişi sindromu" və "parasosial münasibət" kimi tanınır:
"Parasosial münasibətlər hər zaman zərərli deyil. Onlar insana motivasiya, ilham və aidiyyət hissi verə bilər. Lakin bu bağlılıq real həyatın və insan münasibətlərinin yerini almağa başlayanda gündəlik həyata mənfi təsir göstərir".
Jülidə Unutmaz xüsusilə gənclərin bu təsirdən qorunmasında ailələrin mühüm rol oynadığını bildirib. O, valideynlərə qadağa və təzyiq əvəzinə, övladları ilə açıq ünsiyyət qurmağı, izlədikləri məzmunu birlikdə müzakirə etməyi tövsiyə edib.
Psixoloqun sözlərinə görə, rəqəmsal savadlılığın artırılması, tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, ekran vaxtının balanslı şəkildə tənzimlənməsi, eləcə də ailədaxili münasibətlərin və real sosial əlaqələrin gücləndirilməsi gənclərin emosional ehtiyaclarını yalnız sosial mediadakı birtərəfli münasibətlər vasitəsilə qarşılamasının qarşısını ala bilər.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)