Bakı–Tbilisi–Bakı qatarına bilet satışının müddəti artırılıb

6 Avqust 2026 10:49

ADY Bakı-Tbilisi-Bakı beynəlxalq qatar marşrutu üzrə bilet satış müddətini uzadıb.

"Azərbaycan Dəmir Yolları"ndan verilən məlumata görə, qərar sərnişinlərin səfərlərini daha rahat planlaşdırmasına imkan yaratmaq, artan tələbatı effektiv qarşılamaq və xidmət səviyyəsini yüksəltmək məqsədilə qəbul edilib.

Yeni qaydalara əsasən, biletlərin satış müddəti mərhələli şəkildə artırılır. Hazırda sərnişinlər əvvəlki 30 gün əvəzinə 44 gün əvvəldən bilet əldə edə bilərlər. Növbəti mərhələlərdə bu müddətin 90 günə qədər artırılması nəzərdə tutulur.

ADY qeyd edib ki, yenilik sərnişinlərə turizm səfərləri, işgüzar görüşlər və ailə ziyarətləri ilə bağlı planlarını daha əvvəlcədən qurmağa şərait yaradacaq.

Bununla yanaşı, uzunmüddətli satış imkanları sərnişin tələbatının daha dəqiq qiymətləndirilməsinə, ehtiyac olduqda əlavə vaqonların cəlb edilməsinə və digər əməliyyat tədbirlərinin vaxtında görülməsinə imkan verəcək.

Qurumdan bildirilib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri də davam etdirilir. Əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin texniki və əməliyyat hazırlıqlarını tamamlaması gözlənilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)