Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində azalma qeydə alınıb.
Neft bazarındakı mənbənin verdiyi məlumata görə, "Azeri Light" neftinin İtaliyanın Augusta limanında CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,64 dollar və ya 0,7 faiz ucuzlaşaraq 91,04 dollara düşüb.
Türkiyənin Ceyhan limanında FOB bazasında isə Azərbaycan neftinin bir barelinin qiyməti 0,99 dollar və ya 1,11 faiz azalaraq 87,89 dollar təşkil edib.
Digər markalar üzrə də eniş qeydə alınıb. Belə ki, "URALS" markalı neftin qiyməti 0,39 dollar azalaraq 56,77 dollar/barel, Şimal dənizində hasil olunan "Dated Brent" markalı neftin qiyməti isə 0,68 dollar ucuzlaşaraq 85,28 dollar/barel olub.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar/barel səviyyəsində nəzərdə tutulub.
"Trading Economics"in məlumatına əsasən, qlobal bazarlarda neft qiymətləri son üç sessiyada geriləsə də, İran və Oman arasında Hörmüz boğazı vasitəsilə yeni gəmiçilik marşrutu ilə bağlı razılaşma enerji tədarüklərinin artacağı gözləntilərini gücləndirib.
Bununla yanaşı, regiondakı geosiyasi risklər investorların diqqətində qalır. ABŞ rəsmiləri İranla razılaşmanın mümkünlüyünü bildirsələr də, bazar iştirakçıları Yaxın Şərqdə sabitliyin davamlılığı ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirirlər.
Eyni zamanda, Yəməndəki husilərin Ədən körfəzində Səudiyyə Ərəbistanına məxsus neft tankerini hədəfə aldıqlarını açıqlaması və digər gəmilərlə bağlı təhdidləri dəniz daşımaları üçün risklərin hələ də yüksək olduğunu göstərir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)