Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 6 avqust 2026-cı il tarixindən etibarən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayır.
Qeyd edək ki, sözügedən müsabiqə üzrə ərizə qəbulu 29 iyun-8 iyul 2026-cı il tarixlərində həyata keçirilib.
Müsahibələr mərkəzləşdirilmiş qaydada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində təşkil olunacaq. Namizədlər müsabiqə qaydalarına uyğun olaraq, uyğun namizəd müəyyən edilənədək ardıcıllıq prinsipi əsasında müsahibəyə dəvət ediləcəklər.
Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları qiymətləndiriləcək.
Agentlikdən bildirilib ki, müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə mərhələli şəkildə göndərilir. Namizədlərə şəxsi səhifələrini mütəmadi yoxlamaq tövsiyə olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)