Evdə hazırlanan kartof qızartmalarını daha xırtıldayan, daha dadlı və daha az yağ çəkən hala gətirmək zənn edildiyi qədər çətin deyil. Peşəkar mətbəxlərdə illərdir tətbiq olunan bəzi sadə üsullar kartofun teksturasını tamamilə dəyişə bilər.
Milli.Az xəbər verir ki, bu prosesdə ilk addım kartofu soyuq suda gözlətməkdir.
Kartofları doğradıqdan sonra ən azı 30 dəqiqə soyuq suyun içində gözlətmək üzərindəki artıq nişastanın uzaqlaşmasını təmin edir. Beləliklə, qızartma zamanı daha xırtıldayan toxuma əldə etmək mümkün olur.
Kartofları tamamilə qurudun
Sudan çıxarılan kartofların qızartmadan əvvəl yaxşıca quru olması böyük əhəmiyyət daşıyır. Təmiz mətbəx dəsmalı və ya kağız salfet istifadə edərək nəmini alan kartoflar isti yağa düşəndə daha az yağ çəkir və daha yaxşı qızarır.
Yağın temperaturuna diqqət edin
Kartofları əlavə etməzdən əvvəl yağın kifayət qədər qızmış olması lazımdır. Kifayət qədər isti olmayan yağ kartofların həddindən artıq yağ əmməsinə səbəb olur və xırtıldayan toxumanın yaranmasına mane ola bilir.
İkiqat qızartma texnikasını tətbiq edin
Restoranlarda tez-tez üstünlük verilən ikiqat qızartma üsulu mükəmməl nəticə verir. İlk mərhələdə kartoflar orta temperaturdakı yağda yüngülcə bişirilir. Qısa bir müddət dincəldildikdən sonra daha yüksək temperaturdakı yağda ikinci dəfə qızardılaraq xarici səthin qızılı rəngdə və xırtıldayan olması təmin edilir.
Qazanı həddindən artıq doldurmayın
Yağın temperaturunu qoruyub saxlamaq üçün kartofları birdəfəyə çox miqdarda qızartmamaq lazımdır. Kiçik porsiyalar halında bişirilən kartoflar daha bərabər şəkildə qızarır.
Duzu ən sona saxlayın
Kartoflara duzu yağdan çıxdıqdan sonra əlavə etmək xırtıldayanlığını daha uzun müddət qorumağa kömək edir. Qızartma zamanı duz əlavə etmək isə toxumanın yumşalmasına səbəb ola bilər.
Artıq yağı mütləq alın
Qızaran kartofları kağız salfet sərilmiş bir boşqaba yığaraq səthdə qalan artıq yağın süzülməsini təmin edə bilərsiniz. Bu üsul həm daha yüngül, həm də daha dadlı nəticə əldə etməyə kömək edir.
Düzgün hazırlıq və bişirmə texnikaları tətbiq edildikdə evdə də restoran keyfiyyətində kartof qızartması etmək mümkündür. Xüsusilə soyuq suda gözlətmə və ikiqat qızartma üsulu xarici xırtıldayan, içi yumşaq kartoflar hazırlamağın ən təsirli yolları arasında göstərilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)