Mərkəzi Bank “Modenis”in lisenziyasını ləğv etdi

5 Avqust 2026 17:50

Mərkəzi Bank tərəfindən "Modenis" MMC-nin ödəniş təşkilatı lisenziyası ləğv edilib.

Bu barədə tənzimləyici qurum məlumat yayıb.

"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04 avqust 2026-cı il tarixli qərarı ilə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən "Modenis" Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyası ləğv edilib.

"Mpay" Məhdud Məsuliyyətli Cəmiyyəti "Modenis" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilib və onun hüquqi varisidir", - məlumatda bildirilib.

Qeyd edək ki, "Modenis" MMC-yə Azərbaycan Mərkəzi Bankının 5 iyun 2024-cü il tarixli qərarı ilə elektron pul təşkilatı kimi müddətsiz lisenziya verilmişdi. Lakin şirkətin rəsmi müraciəti əsasında Mərkəzi Bankın 17 iyul 2025-ci il tarixli qərarı ilə lisenziyadan "elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası" xidməti çıxarılıb.

Son qərarla isə "Modenis" MMC-nin ödəniş təşkilatı lisenziyası tam ləğv edilib. Mərkəzi Bankın məlumatına görə, bu, "Mpay" MMC-nin "Modenis" MMC-ni ona qoşulması yolu ilə yenidən təşkil etməsi ilə əlaqədardır. "Mpay" MMC "Modenis"in hüquqi varisi hesab olunur.

Xatırladaq ki, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna əsasən, ödəniş təşkilatları yalnız Mərkəzi Bankdan müvafiq lisenziya aldıqdan sonra ödəniş xidmətləri göstərə bilərlər. Bu təşkilatlar elektron pulun emissiyası istisna olmaqla pul köçürmələri, ödəniş hesabları üzrə əməliyyatlar, ödəniş kartları ilə əməliyyatların icrası, ekvayrinq, ödəniş əməliyyatları üzrə vasitəçilik və hesab üzrə məlumat xidmətləri kimi fəaliyyətləri həyata keçirirlər.

Hazırda Mərkəzi Bankın reyestrinə əsasən, ölkədə lisenziyalı ödəniş təşkilatları sırasında "Token Azərbaycan" MMC, "Global İnnovations" MMC, "Drakaris" MMC, "M.A.X Sistemləri Plyus" MMC, "Fizza Pay" MMC və "Azərikard" MMC yer alır. Lisenziyası ləğv edilmiş ödəniş təşkilatları isə "Modenis" MMC, "Kabox" MMC, "Multi Solutions" MMC və "CİBPAY" MMC-dir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)