İspaniyanın Seuta muxtar şəhərində sənədsiz miqrantlarla bağlı vəziyyət gərgin olaraq qalır.
Milli.Az xəbər verir ki, şəhər meri Xuan Xesus Vivas bölgədə təxminən 6000 sənədsiz miqrantın olduğunu açıqlayıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları qanunsuz yollarla daxil olan miqrantların müəyyən edilərək Mərakeşə qaytarılması üçün tədbirlər həyata keçirir. Bu məqsədlə çimərliklərdə də nəzarət gücləndirilib.
"El Mundo" qəzetinin məlumatına görə, bir qrup ispan polisi Mərakeş sərhədinə yaxın ərazidə yerləşən Puerta de Europa çimərlik barına qədər bir neçə miqrantı müşayiət edib və onların geri qayıtmasının qarşısını almağa çalışıb. Miqrantların bir qismi hadisə yerindən uzaqlaşıb. Sonda yalnız bir nəfərin saxlanıldığı, digərlərinin axtarışının davam etdiyi bildirilib.
Qeyd edək ki, iyulun sonunda on minlərlə mərakeşli miqrant Şimali Afrikada yerləşən İspaniyanın Seuta muxtar şəhərinə qanunsuz keçməyə cəhd edib. Hadisələr İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların dərhal ölkədən çıxarılmasına məhdudiyyət qoyaraq onlara sığınacaq müraciəti etmək imkanı tanımasından sonra baş verib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)