Şirvan kanalında yaranan problem aradan qaldırılıb.
Milli.Az xəbər verir ki, Göyçay rayonu ərazisindən keçən kanalın sızma baş verən hissəsində bərpa işləri tamamlanıb və bənd əvvəlki vəziyyətinə gətirilib.
Bildirilib ki, görülən işlərdən sonra Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi yenidən təmin olunub.
Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarına suyun tam həcmdə çatdırılması isə mərhələli şəkildə həyata keçiriləcək. Bu ərazilərdə təminatın sabah axşam saatlarınadək, bütün ərazilər üzrə isə avqustun 7-si səhər saatlarından bərpa olunacağı gözlənilir.
Qeyd olunub ki, hadisə baş verdikdən dərhal sonra əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb edilib. Operativ tədbirlər nəticəsində bənd qısa müddətdə təmir olunub və suyun verilməsi mərhələli şəkildə bərpa edilib.
Su təminatında yaranan müvəqqəti fasilə zamanı isə sakinlərin ehtiyaclarının qarşılanması üçün ərazilərə su maşınları göndərilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)