Ana südü ilə qidalanmanın ilk 6 ay ərzində körpənin əsas qidası olması tövsiyə edilir.
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Onun sözlərinə görə, ilk 6 ay ərzində ana südü körpənin enerji tələbatını tam ödəyir. 6 aydan sonra isə əlavə qidaların verilməsinə başlanılmalıdır:
"6 aydan sonra enerji tələbatının ana südündən ödənilən hissəsi təxminən yarıya düşür. Buna görə bu dövrdən etibarən əlavə qidaların verilməsini tövsiyə edirik".
A.Məmmədova qeyd edib ki, 1 yaşdan sonra ana südünün uşağın enerji tələbatındakı payı daha da azalır və uşağın qida rasionu tədricən genişləndirilməlidir.
Pediatr Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ana südünün 2 yaşa qədər verilməsinin məqsədəuyğun olduğunu bildirib.
Nəzərə çatdırıb ki, ana südü ilə qidalanma uşaqlarda allergik xəstəliklərin yaranma riskinin azalmasına kömək edir.
Pediatrın sözlərinə görə, ana südünün tərkibində olan zülallar, yağlar, karbohidratlar və vitaminlər körpənin həzm sistemi tərəfindən daha asan mənimsənilir.
O bildirib ki, ana südündə albumin və qlobulinlər üstünlük təşkil edir, kazeinin miqdarı isə daha azdır:
"İnək südündə və bəzi süni qidalarda isə bunun əksi müşahidə olunur. Kazein daha yüksək, albumin və qlobulinlər isə daha aşağı nisbətdədir. Süni qidalarda olan beta-laktoglobulin allergen xüsusiyyətə malikdir və uşaqlarda atopik dermatit və digər allergik dəri xəstəliklərinin yaranmasına səbəb ola bilər".
A.Məmmədova söyləyib ki, körpənin düzgün vəziyyətdə əmizdirilməsi həm onun rahat qidalanması, həm də anada ağrı və digər problemlərin yaranmaması baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, əmizdirmə zamanı körpənin başı və bədəni eyni xətt üzrə olmalıdır.
"Ana tam uzanmamalı, özü üçün rahat vəziyyət seçməlidir. Körpənin başı və bədəni eyni xətt üzrə olmalı, qarın hissəsi ananın qarnına tərəf baxmalıdır".
A.Məmmədova əmizdirmə zamanı körpənin burunla rahat nəfəs almasına da diqqət yetirilməsini tövsiyə edib.
O qeyd edib ki, əmizdirmə zamanı anada ağrı və ya gərginlik yaranırsa, bu, düzgün olmayan pozisiyanın göstəricisi ola bilər:
"Bu zaman ana vəziyyətini dəyişməli və daha rahat pozisiyaya keçməlidir".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)