Ananın qrip və ya soyuqdəymə kimi xəstəliklərə tutulması əksər hallarda körpəni ana südündən məhrum etmək üçün səbəb deyil.
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Onun sözlərinə görə, ana virus infeksiyasına yoluxduqda gigiyena qaydalarına əməl etməklə və maskadan istifadə etməklə körpəsini əmizdirməyə davam edə bilər:
"Anada xəstəlik zamanı yaranan anticisimlər ana südü vasitəsilə körpəyə keçərək onun xəstələnməsinin qarşısını almağa kömək edir".
A.Məmmədova qeyd edib ki, bəzi xəstəliklər və müalicə üsulları zamanı isə əmizdirməyə məhdudiyyət qoyula bilər. Bu halda qərar mütləq həkim tərəfindən verilməlidir.
Pediatr açıq vərəm, anada HİV infeksiyasının olması, onkoloji xəstəlik zamanı kimyaterapiya və radioaktiv maddələrlə müalicə kimi hallarda ana südü ilə qidalanmanın tövsiyə edilmədiyini bildirib.
Həmçinin bəzi metabolik xəstəliklər zamanı körpə tərəfindən də ana südünə əks-göstəriş ola bilər.
Onu da vurğulayıb ki, ana südü verən qadınların xüsusi və sərt pəhriz saxlaması tövsiyə edilmir. Lakin bəzi qida və içkilərin qəbuluna diqqət yetirmək lazımdır.
Nəzərə çatdırıb ki, ana südü verən qadının gündəlik qida qəbulu 1800 kilokaloridən aşağı olmamalıdır. Həmçinin gün ərzində 2,5-3 litrədək maye qəbul etmək tövsiyə olunur.
Pediatr bildirib ki, paxlalı və ədviyyatlı qidalar bəzi uşaqlarda köp və sancını artıra bilər.
"Xüsusi pəhriz, yəni "bu olmaz, o olmaz" prinsipi ilə qidalanmağı hazırkı məlumatlara əsasən tövsiyə etmirik. Ancaq bəzi qidaların körpədə köp və sancını artıra biləcəyini nəzərə almaq lazımdır".
O, əmizdirən analara spirtli içkilərdən tamamilə uzaq durmağı, kofein tərkibli içkiləri isə məhdudlaşdırmağı tövsiyə edib.
Pediatrın sözlərinə görə, kofein körpənin yuxu rejimində narahatlıq yarada bilər
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)