"Ana südünün kifayət qədər olması üçün ananın qidalanması, maye qəbulu və istirahət rejiminə diqqət etməsi vacibdir".
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Onun sözlərinə görə, ana südü verən qadın sutka ərzində 2,5-3 litrədək maye qəbul etməlidir.
Pediatr bildirib ki, qida rasionu zülal və vitaminlərlə zəngin olmalıdır. Ana südü verən qadınların ciddi pəhriz saxlaması isə tövsiyə edilmir:
"Onların sutkalıq qida qəbulu 1800 kilokaloridən aşağı düşməməlidir. Hər hansı pəhriz həm süd istehsalına, həm də körpənin əmizdirilməsinə mane ola bilər".
O, analara kifayət qədər yatmağı və stressdən uzaq durmağı da tövsiyə edib.
Pediatrın sözlərinə görə, südü artırmağın ən optimal yollarından biri körpəni tez-tez əmizdirməkdir.
"Tez-tez döşlə əmizdirmək və südü sağmaq süd istehsalının artmasına kömək edir. Bütün bunlara baxmayaraq süd artmırsa, laktasiya üzrə mütəxəssisə müraciət etmək lazımdır".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)