Ana südünün möcüzəvi tərkibi: 400-ə yaxın faydalı komponent aşkarlanıb

6 Avqust 2026 11:32

"Ana südünün tərkibində körpənin beyin və sinir sisteminin inkişafı üçün mühüm əhəmiyyət daşıyan bir sıra maddələr var".

Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.

Pediatrın sözlərinə görə, ana südünün tərkibi olduqca zəngindir və hazırda məlum olan məlumatlara əsasən, onun tərkibində 400-ə qədər komponent var:

"Yağlar, zülallar və karbohidratlar ideal nisbətdə balanslaşdırılıb. Ana südündə olan yağ turşuları, xüsusilə omeqa-3 və omeqa-6 uşağın sinir-psixi inkişafında, beynin formalaşmasında və koqnitiv inkişafında mühüm rol oynayır".

Onun sözlərinə görə, ana südündə taurin də mövcuddur. Bu maddənin çatışmazlığı uşağın sonrakı yaş dövrlərində mərkəzi sinir sistemi və görmə ilə bağlı problemlərin yaranması riskini artıra bilər.

Pediatr həmçinin ana südündə A, E və K vitaminlərinin əhəmiyyətini vurğulayıb. A vitamininin uşağın inkişafında, K vitamininin hemorragik sindromların qarşısının alınmasında, E vitamininin isə toxumaların oksigenlə təmin olunmasında mühüm rol oynadığını qeyd edib.

A.Məmmədova ana südündə D vitamininin az olduğunu bildirib və ana südü ilə qidalanan körpələrə pediatrın tövsiyəsi ilə əlavə D vitamini verilməsinin vacibliyini diqqətə çatdırıb.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)