"Maşın tutması"ndan əziyyət çəkənlər üçün tövsiyələr

5 Avqust 2026 14:39

Səyahət zamanı bəzi insanlarda ürəkbulanması, başgicəllənmə, qusma və soyuq tər kimi əlamətlər müşahidə olunur. Xalq arasında "maşın tutması" kimi tanınan bu vəziyyət tibbdə "hərəkət xəstəliyi" adlanır.

Milli.Az xəbər verir ki, türkiyəli professor İbrahim Engin Çekin hərəkət xəstəliyinin səbəbləri və ondan qorunma yolları barədə danışıb.

Onun sözlərinə görə, hərəkət xəstəliyi insanın hərəkətini və ətrafındakı obyektlərin hərəkətini qəbul edən sistemlərə tanış olmayan və yeni qıcıqlandırıcıların təsiri nəticəsində yarana bilər:

"Bu zaman başgicəllənmə ilə birlikdə və ya başgicəllənmə olmadan ürəkbulanması, qusma, soyuq tər, baş ağrısı kimi əlamətlər ön plana çıxır".

Hərəkət xəstəliyi yalnız avtomobildə deyil, dəniz və hava nəqliyyatında da müşahidə oluna bilər. Professor bildirib ki, problem daha çox 5-6 yaşlarında ortaya çıxır və yeniyetməlik dövrünə qədər tədricən azalır. Lakin bəzi insanlarda daha uzun müddət davam edə bilər.

Qadınlarda hərəkət xəstəliyinin kişilərlə müqayisədə 1,7 dəfə daha çox görüldüyünü deyən İbrahim Engin Çekin, bunun tarazlıq sistemi ilə bağlı problemləri olan şəxslərdə də daha çox müşahidə edildiyini qeyd edib.

Bəs "maşın tutması"nın qarşısını necə almaq olar?

Mütəxəssis bildirib ki, nəqliyyat vasitəsində hərəkətin daha az hiss edildiyi yerlərdə oturmaq vacibdir. Avtomobildə orta və ya ön hissəyə üstünlük vermək tövsiyə olunur.

Bundan əlavə, səyahət günü ağır və yağlı qidalardan uzaq durmaq, çox ac qalmamaq, əlavə qoxu, səs və vibrasiya kimi qıcıqlandırıcılardan mümkün qədər uzaq olmaq lazımdır.

Professorun sözlərinə görə, görülən tədbirlərə baxmayaraq problem davam edərsə, müalicəyə başlamaq lazımdır:

"Əsas məsələ ruhdan düşməmək və mümkün qədər səyahətlərə davam etməkdir. Tədbirlərimizi görüb nəqliyyat vasitələrindən istifadə etməyə davam etsək, uyğunlaşma prosesinin sonunda narahatlıq ya azalacaq, ya da tamamilə aradan qalxacaq".

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)