Naxçıvanda yük maşınından 4,5 kiloqram narkotik çıxdı

5 Avqust 2026 12:21

Naxçıvanda tranzit yük maşınında külli miqdarda narkotik aşkarlanıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda qeydə alınıb.

Bildirilib ki, İrandan Böyük Britaniyaya Azərbaycan ərazisindən tranzit keçməklə "qarışıq ərzaq" yükü aparan nəqliyyat vasitəsi gömrük əməkdaşları tərəfindən yoxlanılıb. Yoxlama zamanı xidməti narkotik axtarışı iti də tətbiq olunub.

Nəticədə yük maşınının dartıcısında yerləşən soyuducunun alt hissəsində xüsusi üsulla hazırlanmış gizli bölmə aşkarlanıb. Həmin yerdən ümumilikdə 4 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma tədbirləri davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)