2029-cu ilin aprelində Yerə yaxın məsafədən keçəcək nəhəng "99942 Apophis" asteroidi alimlərin diqqət mərkəzindədir.
"The Planetary Science Journal" jurnalında yayımlanan araşdırmaya görə, İtaliya Milli Tədqiqat Şurasının (CNR) mütəxəssisləri asteroidin hərəkət trayektoriyasını və Yer ətrafındakı geostasionar orbitdə (GEO) yerləşən kosmik tullantılarla mümkün qarşılıqlı təsirini araşdırıblar.
Tədqiqatçılar bildiriblər ki, "Apophis"in Yerə zərbə vurmaq riski yoxdur. Lakin asteroidin kosmik tullantılarla toqquşma ehtimalı tam istisna edilmir.
Alimlərin hesablamalarına əsasən, belə bir hadisə baş verərsə, asteroidin hərəkət istiqamətinə ciddi təsir göstərməyəcək və planetimiz üçün əlavə təhlükə yaratmayacaq. Bununla belə, toqquşma asteroidin səthində kiçik izlər, kraterlər və toz buludunun yaranmasına səbəb ola bilər.
Qeyd olunub ki, yaxınlaşma zamanı Avropa Kosmik Agentliyinin "RAMSES", NASA-nın isə "OSIRIS-APEX" missiyaları asteroidin Yer cazibəsinin təsiri altında necə dəyişəcəyini, səthində baş verə biləcək sürüşmələri və mümkün seysmik prosesləri öyrənəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)