Qarpızların üzərinə bu səbəbdən daş qoyurmuşlar: Qiymətini ikiqat artırır

5 Avqust 2026 06:06

Görənlərin ilk baxışda mənasız bir tədbir zənn etdiyi ənənəvi üsulun arxasında əsrlik kənd təsərrüfatı zəkası dayanır. Çinli fermerlərin qarpızların üzərinə qoyduğu daşlar ləzzəti və keyfiyyəti qatlayan tamam başqa bir məqsədə xidmət edir.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə qarpız tarlaları ilə bağlı paylaşılan qeyri-adi görüntülər izləyicilərin diqqətini çəkir. Tarlalardakı qarpızların üzərində səliqə ilə düzülmüş iri və düz daşlar kənardan baxıldığında sadəcə meyvənin küləkdən yuvarlanmasının qarşısını almaq cəhdi kimi görünə bilər. Lakin bu ənənəvi tətbiqin arxasında təbiətlə tam uyğunluq içində işləyən olduqca ağıllı əkinçilik məntiqi dayanır.

Çinli istehsalçıların meyvənin üzərinə daş qoymasının arxasında duran əsas səbəblər bunlardır:

Təbii termal tənzimləyici (İstilik saxlamaq): Gündüz dik düşən günəş şüaları ilə qızınan daşlar yüksək istiliyi özünə çəkir. Bu durum meyvənin birbaşa günəş işığı ilə həddindən artıq qızmasının qarşısını alır. Gecə hava soyuduğu zaman isə daş gündüz topladığı istiliyi tədricən qarpıza ötürür. Yaranan bu gecə-gündüz istilik tarazlığı (termal kontrast) qarpızın yetişməsini sürətləndirərək şəkər miqdarını artırır və dadını qatlayır.

Qabıqların çatlama riskinin qarşısını alır: Gecə ilə gündüz arasındakı kəskin istilik dəyişiklikləri meyvə qabığında genişlənmə və büzüşmə yaradaraq qarpızın çatlamasına səbəb olur. Daşların təmin etdiyi balanslı istilik ötürülməsi qabığın şoka düşməsinin qarşısını alaraq məhsul itkisini minimuma endirir.

Quşlara və zərərvericilərə qarşı təbii zireh: Yetişərək şirinləşən qarpızlar quşların açıq hədəfinə çevrilir. Meyvənin tən ortasına qoyulan daşlar quşların qarpızları dimdikləməsinin və zərər verməsinin qarşısını fiziki olaraq alır.

Daşlı əkinçilik ("Gravel Mulching") nədir?
Çinin xüsusilə quraq və kontinental iqlimin hökm sürdüyü Ninqsia kimi bölgələrində bu üsul yüzillərdir tətbiq olunur. "Gravel Mulching" (Daşla örtmə) adlandırılan bu texnikada təkcə meyvələrin üzərinə deyil, torpağın səthinə də daş və çınqıl döşənir.

Torpaq səthindəki daş qatı nəmin buxarlanaraq yox olmasının qarşısını alır. Beləliklə, quraq coğrafiyalarda belə minimum suvarma ilə maksimum məhsuldarlıq əldə edilir.

Bu ənənəvi üsulla yetişdirilən qarpızlar (məsələn, məşhur Sezha qarpızı) yüksək şəkər miqdarı və xüsusi toxuması sayəsində bazarda olduqca yüksək qiymətlərə alıcı tapır. Ənənəvi bilik ilə təbiət qanunlarının qovuşduğu bu sadə, lakin təsirli sistem müasir texnologiyanın belə bəzən əsrlərlük fermerlik təcrübələrinin kölgəsində qala biləcəyinin bariz sübutudur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)