“Volkswagen”, BMW və “Porsche”dən böyük ixtisar qərarı

4 Avqust 2026 17:36

Almaniyanın avtomobil sənayesinin nəhəng şirkətləri işçi sayını azaltmaq qərarı verib.

Milli.Az xəbər verir ki, "Volkswagen", BMW və "Porsche" şirkətlərində aparılan ixtisarların əsas səbəbləri sırasında Çin avtomobil markalarının dünya bazarında rəqabətinin artması, elektromobillərə keçid prosesi və istehsal xərclərinin yüksəlməsi göstərilir.

Məlumata görə, "Volkswagen" idarəetmə strukturunda dəyişikliklər edir və rəhbər vəzifələrdə çalışan yüzlərlə əməkdaşın ixtisarını nəzərdə tutur. Şirkət 2030-cu ilə qədər təxminən 50 min iş yerinin azaldılmasını planlaşdırır.

"Porsche" şirkətində isə ofis əməkdaşları da daxil olmaqla 5 minə yaxın işçinin işdən ayrılması gözlənilir. BMW də könüllü ayrılma proqramı çərçivəsində 2027-ci ilin sonunadək təxminən 8 min əməkdaşla yollarını ayırmağı hədəfləyir.

Ekspertlər bildirirlər ki, Almaniyada avtomobil sektorunda baş verən bu dəyişikliklər son illərin ən böyük struktur yenilənmələrindən biri hesab olunur. Hazırda ölkədə işsiz qalan yüksək səviyyəli menecerlərin sayı bəzi sahələrdə mövcud vakansiyaların sayını üstələyir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)