Ukraynanın PUA hücumu nəticəsində Rusiyanın Leninqrad vilayətinin Krasnıy Bor şəhərində yerləşən "Wildberries" şirkətinin logistika mərkəzində yanğın baş verib.
Milli.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb olunub.
Bildirilib ki, ərazidə əvvəlcədən təxliyə işləri aparılıb. İlkin məlumatlara əsasən, xəsarət alan olmayıb.
Məlumata görə, hücumdan sonra çatdırılmaların qəbulu müvəqqəti olaraq dayandırılıb və sifarişlər digər logistika mərkəzlərinə yönləndirilib.
Qeyd edək ki, Ukrayna ordusunun iyulun 18-dən etibarən "Wildberries" şirkətinin anbarlarına zərbələr endirdiyi bildirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)