Ağdam rayonu ərazisində son günlər baş verən yanğınlarla bağlı aparılan araşdırmalar nəticəsində hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalar zamanı əraziyə cəlb olunan pilotsuz uçuş aparatının (PUA) görüntüləri və müşahidə kameralarının qeydləri təhlil edilib. Toplanmış sübutlar əsasında Ağdam və Ağcabədi rayonlarının inzibati sərhədində yerləşən əkin sahələrinin qəsdən yandırıldığı müəyyənləşdirilib.
İlkin istintaqla müəyyən olunub ki, yanğınların törədilməsində 77-PT-225 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynlinin iştirakına dair əsaslı şübhələr var. Bu səbəbdən o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Fakt üzrə cinayət işi açılıb. Hazırda S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması, hadisənin bütün detallarının araşdırılması və hüquqi qiymətin verilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)