Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)

4 Avqust 2026 00:07

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi Qara dənizdə dron hücumuna məruz qalan "NADEZHDA" adlı Ro-Ro gəmisində 13-ü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 22 heyət üzvünün olduğunu və gəmidəki dənizçilərin Rusiya dəniz qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk Limanına təxliyə edildiyini açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Gəmiyə ziyan dəydiyi bildirilib:

"Gəmidəki dənizçilərin Rusiyaya məxsus dəniz qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk Limanına təxliyə edildiyi məlum olub. İlkin məlumatlara görə, 3 heyət üzvünün vəziyyəti ağırdır. Gəmidə yanğın davam edir və bölgədə dron hücumu riskinin qalması səbəbindən xilasetmə əməliyyatı həyata keçirilə bilmir. Məsələ ilə bağlı proseslər izlənilir"

------------

Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk limanına hərəkət edən və meyvə-tərəvəzlə yüklənmiş konteynerlər daşıyan "Nadejda" gəmisi Ukrayna dronu ilə vurulub.

Milli.Az axar.az-a istinadən bildirir ki, gəminin ekipaj üzvləri Azərbaycan və Türkiyə vətəndaşlarından ibarətdir.

Türkiyənin "Kalyoncu" fırmasına məxsus gəmi başqa bir ölkənin bayrağı altında üzür.

Gəmi Bakı vaxtilə 19:30 radələrində vurulub.

Hücum nəticəsində itkin düşənlər olsa da, onlar tapılıb, lakin vəziyyətləri ağırdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)