"Atamın teatra sevgisi böyük idi. Kinoya bir o qədər də həvəs göstərmirdi. Hər zaman deyirdi ki, "mənim üçün əsas teatrdır, kinoya dəvət gəlsə çəkilərəm, gəlməsə də eybi yox". Kinonu da sevirdi. Sadəcə olaraq kinodan ona dəvət gələndə, əgər teatrda işi var idisə heç vaxt məşqini atıb, gedib çəkilməzdi. Amma bununla belə atamı bir çox məşhur filmlərdə əsas rollara da çəkiblər. Mənim anam da atamla birlikdə teatrda çalışıb. Ailə həyatı qurandan sonra müəyyən səbəblərə görə atam anamın teatrda çalışmağını istəmədi. Anam atamı bir dəfə də olsun tək qoymadı. Həm tamaşalarına gedirdi, həm qastrol səfərlərində onunla birlikdə olurdu, həm də Moskvada filmə çəkiləndə onu özü ilə aparmışdı. Mən də uşaq idim. Həyatımızın ən yaddaqalan hadisələrinə şahidlik edirdim"
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti, görkəmli sənətkar, "Xoruz baba" kimi tanınan Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova deyib.
Tamilla Sadıqova atasının ömür boyu yaşadığı həsrətdən də danışıb:
"Atamın həyatında ayrılıqlar çox olub. 1930-cu ildə babamgil Bakıdan Cənubi Azərbaycana köçürlər. Atamın əsli Güney Azərbaycandandır. Babam Bakıya işləməyə gəlmişdi və burada müvəqqəti məskunlaşmışdılar. Atam bu vaxt iki yol ayrıcında qalır. Bilmir ki, ailəsi ilə birlikdə getsin yoxsa səhnədə qalsın?! Çünki atam aktyor kimi Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edirdi, tanınırdı və sevilirdi. Atam onlarla getmir və ömürlük səhnədə qalmağa qərar verir. Atası, anası, bacı və qardaşları köçüb gedir. Atam Bakıda tək qalır. O vaxt 20 yaşı ancaq olardı. Bir ömür boyu ailəsinin yolunu gözləyir. Amma illər keçəndən sonra da nə ata-anasına, nə də bacı-qardaşlarına qovuşa bilmir. Mənimlə söhbətlərində hər zaman valideynləri üçün darıxdığını, onları qucaqlayıb sarılmaq istədiyini bildirirdi. Gözləri dolurdu.. Ağlayırdı.. Atam bu həsrətlə ömür boyu yaşadı. Bu müddət ərzində sadəcə bir dəfə atasını uzaqdan görmək ona qismət olur. Bilirsiniz ki, atam 1941-1945-ci il müharibəsində iştirak edib. Müharibədən qayıdanda İran ərazisindən keçir, görür ki, atası kənardan dayanıb ona baxır. Amma yaxınlaşıb görüşə bilmir. Atam Sovet ordusunun əsgəri idi, babam isə İranlı.. Onların görüşü kənardan heç də yaxşı görünməyə bilərdi və yalnış təsəvvür yarada bilərdi. Ona görə də yaxınlaşıb görüşə bilmirlər. Mən sonradan nə bibimi axtardım, nə də əmilərimi.. Çünki zamanında atam da bacı və qardaşlarını axtarmırdı" deyə o, bildirib.
Qeyd edək ki, Hüseynağa Sadıqov "Alma almaya bənzər", "Babamızın babasının babası", "Ələddinin sehrli çırağı", "Ad günü" və s. filmlərdə çəkilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)