Türkiyə klubu Nəriman Axundzadənin transferini elan etdi - Yenilənib

4 Avqust 2026 00:12

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə Türkiyənin "Erzurumspor" klubu ilə prinsipial razılıq əldə edib.

Milli.Az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında məlumat yayılıb.

Məlumata görə, azərbaycanlı futbolçu yaxın günlərdə Ərzurum şəhərinə yollanacaq və tibbi müayinədən keçəcək.

Bildirilib ki, tibbi baxışın nəticələri müsbət olacağı təqdirdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

-------------

Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə "Kolumbus Kru"dan ayrılıb.

Milli.Az Sportinfo.az-a istinadla xəbər verir ki, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək.

O, gələn mövsümdən Super Liqada mübarizə aparacaq "Ərzurumspor"la danışıqları uğurla yekunlaşdırıb.

"Ərzurumspor" I Liqanın son çempionudur. Beləliklə, 5 illik fasilədən sonra yenidən Super Liqada çıxış etmək hüququ qazanıblar.

Nərimanın MLS təmsilçisini Türkiyə klubuna dəyişməsi öz qərarıdır. O, ABŞ çempionatının Şərq zonasında 20 xalla 11-ci pillədə qərarlaşan "Kolumbus Kru"nu təsadüfən tərk etməyib. Bu ilin yazında "Qarabağ"dan alınmış və 3,5 illik müqavilə bağlanmış ön xətt oyunçusu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

O, məşqçi korpusundan lazımı qədər dəqiqələr almadığını, ehtiyatda qalmaqdan bezdiyini diqqətə çatdırıb.

Forvard ona düşərgəni dəyişməsi üçün icazənin verilməsini xahiş edib və müsbət cavab alıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)