Həkimin sözlərinə görə, üzgüçülük zamanı yaranan qıcolmaların əsas səbəbi əzələlərin yorulmasıdır. Mikroelement çatışmazlığı isə bu prosesdə ikinci dərəcəli rol oynayır. Soyuq su qan damarlarını daraldır, qan dövranını zəiflədir və nəticədə əzələlər daha tez yorulur.
Mütəxəssis qeyd edib ki, qıcolma baş verdikdə panikaya düşmək olmaz. Çünki təşviş tənəffüsü çətinləşdirə və boğulma riskini artıra bilər. Belə vəziyyətdə kürəyi üstə çevrilmək, spazm olan əzələni ehtiyatla dartmaq və əllərin köməyi ilə yavaş-yavaş sahilə doğru hərəkət etmək tövsiyə olunur. Əgər qıcolma baldır əzələsindədirsə, dizi düz saxlayaraq ayaq barmaqlarını özünüzə tərəf çəkmək lazımdır. Sahil uzaqdadırsa, ətrafdakılardan kömək istənilməlidir.
Korolyovanın sözlərinə görə, sudan çıxdıqdan sonra qıcolma olan əzələ masaj edilməli və isidilməlidir. Təkrar spazm riski olduğundan həmin gün yenidən suya girmək məsləhət görülmür.
Həkim həmçinin üzməyə başlamazdan əvvəl isinmə hərəkətləri etməyi, suya tədricən daxil olmağı, eləcə də alkoqol qəbul etdikdən sonra, acqarına, həddindən artıq yorğun vəziyyətdə və təkbaşına üzməməyə çağırıb.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)