3 aydır susuz qalan sakinlər: Hər həftə 70 manat xərcləyirik

3 Avqust 2026 13:16
Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən Süleyman Sani Axundov küçəsinin sakinləri üç aydır içməli su çatışmazlığından əziyyət çəkdiklərini bildirirlər.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, problem xüsusilə yay aylarında daha da kəskinləşib və mənzillərə suyun verilişi tamamilə dayandırılıb. Nəticədə sakinlər gündəlik su tələbatını su maşınları vasitəsilə qarşılamağa məcbur olurlar. Bildirilir ki, hər bir su maşınının qiyməti 70 manatdır və bu xidmətdən demək olar ki, hər həftə istifadə etməli olurlar ki, bu da ailə büdcəsinə əlavə xərc yaradır.

Sakinlər qeyd edirlər ki, küçədə yol və digər infrastruktur problemləri də mövcuddur. Lakin hazırda onlar üçün ən ciddi məsələ içməli su təminatının olmamasıdır. Onların iddiasına əsasən, küçədəki su xətti vaxtilə sakinlərin şəxsi vəsaiti hesabına çəkilib. Bir müddət su verilsə də, son üç ay ərzində təchizat tamamilə dayanıb.

Sakinlər bildiriblər ki, yaranmış vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən icra hakimiyyətinə və bələdiyyəyə müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)