Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidanın rəhbərliyi altında keçirəcəyi ilk oyunun bütün biletləri cəmi bir gün ərzində satılıb.
Milli.Az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
Biletlərin satışı iyulun 31-də başlayıb və artıq ertəsi gün onları əldə etmək mümkün olmayıb.
Fransa yığması UEFA Millətlər Liqasının III turu çərçivəsində oktyabrın 2-də İtaliyanı qəbul edəcək. Qarşılaşma ölkənin 80 min tamaşaçı tutumuna malik ən böyük stadionu olan "Stad de Frans" arenasında keçiriləcək.
Qeyd edək ki, Zinəddin Zidan iyulun 28-də Didye Deşamı əvəzləyərək Fransa millisinin baş məşqçisi təyin olunub. Onunla 2030-cu il dünya çempionatının sonunadək qüvvədə olacaq dörd illik müqavilə imzalanıb.
53 yaşlı mütəxəssis daha əvvəl iki dövrdə Madrid "Real"ını çalışdırıb (2016-2018 və 2019-2021), komandanı üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə isə İspaniya çempionatının qalibi edib. Futbolçu kimi isə Fransa millisi ilə dünya və Avropa çempionu adını qazanıb.(Teleqraf)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)