Bilgəhdə 21 yaşlı gənc dənizdə batıb, üç nəfər xilas edilib - (Yenilənib)

2 Avqust 2026 21:04

Bilgəh qəsəbəsində dənizdə batan üç nəfər xilas edilib.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 2001-ci il təvəllüdlü Fətəliyev Məhəbbət Şövkət oğlu, 2000-ci il təvəllüdlü Mustafayev Sahil Bəhruz oğlu, 2001-ci il təvəllüdlü Cəlalov Elburus Zümrüd oğlu xilas edilib.

20:24

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Pirməmmədov Niyaz Vasif oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)