Sosial şəbəkələrdə müzakirələrə səbəb olan video ilə bağlı sürücü açıqlama yayıb.
Milli.Az xəbər verir ki, o bildirib ki, hər zaman xanımlara qarşı qayğı, diqqət və nəzakətlə davranmağa çalışıb və bundan sonra da bu prinsipə sadiq qalacaq.
Sürücünün sözlərinə görə, videoda görünən sərnişin avtomobilə əyləşdiyi andan düşənədək ona qarşı kobud və etik normalardan kənar ifadələr işlədib. O, həmin danışığın tam məzmununu paylaşmadığını, bunun səbəbini isə bu cür davranışların internetdə yayılmasını düzgün hesab etməməsi ilə izah edib.
Açıqlamada qeyd olunub ki, videonun paylaşılmasında məqsəd hər hansı şəxsi alçaltmaq və ya hədəf göstərmək deyil. Sürücü bildirib ki, paylaşımın məqsədi qarşılıqlı hörmətin, nəzakətli ünsiyyətin və milli-mənəvi dəyərlərin əhəmiyyətinə diqqət çəkməkdir.
Sürücü hesab edir ki, yaranan fikir ayrılıqları kobudluq və aqressiya ilə deyil, qarşılıqlı hörmət və mədəni dialoq yolu ilə həll olunmalıdır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)