Rusiyada bank sistemində nağd pula tələbatın kəskin artması likvidlik problemi ilə bağlı narahatlıqları gücləndirir.
Milli.Az xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyada son altı ay ərzində (fevral-iyul) dövriyyədə olan nağd pulun həcmi 2,543 trilyon rubl (32 milyard 83 milyon ABŞ dolları)artıb.
Məlumata görə, sözügedən məbləğ Moskva vilayətinin iki illik büdcəsinə və ya Krasnoyarsk diyarının təxminən beş illik büdcəsinə bərabərdir.
2026-cı ilin iyul ayında isə bu proses daha da sürətlənib. Cəmi bir ay ərzində bank sistemindən 620,9 milyard rubl (təxminən 7 milyard 833 milyon ABŞ dolları)nağd vəsait çıxarılıb.
Sberbankın maliyyə direktoru Taras Skvortsovun sözlərinə görə, bu göstərici cari ilin mütləq rekordu olmaqla yanaşı, müşahidələrin aparıldığı dövr ərzində iyul ayı üçün də tarixi maksimum hesab olunur.
Bildirilir ki, artıq banklarda rubl likvidliyi çatışmazlığı qeydə alınır. Proqnozlara əsasən, ilin sonuna qədər bank sistemindən çıxarılan nağd vəsaitin həcmi 3,8 trilyon rubla (47 milyard 941 milyon ABŞ dolları) çata bilər. Bu isə həm 2020-ci ildəki pandemiya dövrünün panik göstəricilərini, həm də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı ilk mərhələdə qeydə alınan səviyyəni üstələyəcək./Musavat.com
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)