"1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımız üçün xüsusi əhəmiyyət daşıyan əlamətdar tarixlərdən biridir".
Bunu Milli.Az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, ana dili insanın sahib olduğu ən qiymətli mənəvi xəzinələrdən biridir:
"Ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın yaddaşı, milli kimliyi, mədəni irsi və mənəvi dəyərlərinin əsas daşıyıcısıdır. Əcdadlarımızdan bizə miras qalan bu böyük sərvət xalqımızın tarixini, adət-ənənələrini, dünyagörüşünü və həyat tərzini nəsildən-nəslə yaşadır. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsində Azərbaycan dilinin müstəsna rolu var".
C.Məmmədovun sözlərinə görə, Azərbaycan dili əsrlər boyu xalqımızın zəngin ədəbi-bədii irsini, milli düşüncəsini və dövlətçilik ənənələrini qoruyaraq bu günümüzə çatdırıb:
"Ana dilimizi qorumaq, onu düzgün işlətmək, saflığını və zənginliyini gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi və vətəndaşlıq borcudur".
Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Sərəncamı ilə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib:
"Bu qərar ana dilimizin qorunmasına və inkişafına, dövlət dilinin cəmiyyət həyatındakı mövqeyinin daha da möhkəmləndirilməsinə verilən yüksək dəyərin göstəricisidir. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət dilimizin zənginləşdirilməsi, düzgün tətbiqi və beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm addımlar atılır".
C.Məmmədov müasir dövrdə Azərbaycan dilinin qorunmasının xüsusi əhəmiyyət daşıdığını bildirib:
"Qloballaşma şəraitində ana dilimizin saflığının qorunması, onun zəngin imkanlarından düzgün istifadə edilməsi və gənc nəslə sevdirilməsi olduqca vacibdir. Ana dilinə hörmət yalnız onu danışmaqla məhdudlaşmır. Dilimizi düzgün işlətməli, onun inkişafına töhfə verməli və milli-mənəvi irsimizin ayrılmaz hissəsi kimi gələcək nəsillərə ötürməliyik".
Deputat 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:
"Arzu edirəm ki, Azərbaycan dili daim uca tutulsun, milli kimliyimizin, dövlətçiliyimizin və milli-mənəvi dəyərlərimizin ən möhkəm dayaqlarından biri kimi qorunsun və gələcək nəsillərə layiqincə çatdırılsın".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)