MİQ-də 8 test tapşırığında uyğunsuzluq aşkarlandı

1 Avqust 2026 09:55

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə nəticələr namizədlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, 14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

"35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.

İmtahanlar yekunlaşdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və bəzi suallarda səhvlərin olduğu qeyd edilib.

Belə ki, biologiya fənni üzrə 1, coğrafiya fənni üzrə 1, rus dili və ədəbiyyatı fənni üzrə 1, kimya fənni üzrə Azərbaycan bölməsində 1, rus bölməsində 3, musiqi fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən uyğunsuzluq müəyyən olunub.

Qeyd edilən səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənlər üzrə namizədlərin xeyrinə hesablanıb.

Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər miq.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq yenilənmiş nəticələrlə tanış ola bilərlər".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)