Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə 2026-cı il üzrə ali təhsil müəssisələrinə qəbulda keçid balları ilə bağlı ilkin proqnozları açıqlayıb.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, I ixtisas qrupunda 300-400 bal intervalında keçid ballarının artacağı gözlənilir. Səbəb isə bu bal aralığında nəticə göstərən abituriyentlərin sayının artması və müsabiqənin daha da güclənməsidir.
DİM sədri bildirib ki, I qrup üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 1-2 ballıq azalma, 500-600 bal intervalında isə təxminən 16 bala qədər enmə gözlənilir. 400-500 bal aralığında da keçid ballarının təxminən 5 bal azalacağı proqnozlaşdırılır.
II ixtisas qrupu üzrə isə əksər bal intervallarında keçid ballarının 1-3 bal azalacağı gözlənilir. Bununla belə, 300-400 bal intervalında 12 bala qədər azalma proqnozlaşdırılır. 200-300 bal aralığında isə abituriyentlərin sayının çox olması səbəbindən müsabiqənin güclənəcəyi və keçid ballarının 3-4 bal arta biləcəyi qeyd olunub.
Məleykə Abbaszadənin sözlərinə görə, III ixtisas qrupunda 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3-4 ballıq azalma ehtimalı var. Lakin 500-600 bal intervalında, eləcə də 400-500, 300-400 və 200-300 bal aralıqlarında keçid ballarının 1-8 bal artacağı gözlənilir.
DİM sədri IV ixtisas qrupunda isə müsabiqənin daha gərgin olacağını bildirib. Onun sözlərinə görə, artıq 1000-dən çox abituriyent 600-dən yuxarı bal topladığı üçün yüksəkballı ixtisaslarda keçid ballarının 15-17 bala qədər artması mümkündür. 500-600 bal intervalında da artım gözlənilir. 400-500 bal aralığında balların əsasən sabit qalacağı, 200-300 bal intervalında isə müəyyən qədər azalacağı proqnozlaşdırılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)