Azərbaycan Dəmir Yolları (ADY) Qarabağda inşa olunan Ağdam-Xankəndi dəmir yolu xətti üzrə tikinti işlərini davam etdirir.
Milli.Az xəbər verir ki, ADY-nin yaydığı məlumata əsasən, layihələndirmə işlərinin təxminən 90 faizi, tikinti-quraşdırma işlərinin isə 44 faizə yaxını tamamlanıb.
Bildirilib ki, ümumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur. Bunlara 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid daxildir.
Məlumata görə, xətt üzərində yerləşəcək Əsgəran və Xocalı dəmir yolu stansiyalarının konsept layihələri artıq hazırdır. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində isə tikinti işləri davam etdirilir.
Qeyd olunub ki, Ağdam-Xankəndi dəmir yolu xəttinin istismara verilməsi Qarabağda nəqliyyat əlçatanlığının genişlənməsinə, bölgənin sosial-iqtisadi inkişafına və Bakı-Xankəndi istiqamətində sərnişin daşımalarının, eləcə də "Böyük Qayıdış" prosesinin daha da sürətlənməsinə töhfə verəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)