Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanında aparılan təmir və abadlıq işləri səbəbindən fəaliyyətini dayandıran kiçik ticarət obyektlərinin sahibləri qeyri-müəyyən vəziyyətdə qalıb.
Milli.Az xəbər verir ki, sahibkarların sözlərinə görə, obyektlər bağlandıqdan təxminən iki ay keçməsinə baxmayaraq, onların gələcək fəaliyyəti ilə bağlı konkret məlumat verilməyib. Onlar dolanışıqlarının bu işdən asılı olduğunu, kredit öhdəliklərinin olduğunu və yaranmış vəziyyətdən narahat olduqlarını bildirirlər.
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, ərazidə təsdiqlənmiş layihə əsasında abadlıq işləri aparılır və hasara alınan obyektlərin sökülməsi nəzərdə tutulur.
Qurumdan bildirilib ki, sahibkarların sənədləri araşdırıldıqdan sonra məsələyə uyğun qərar veriləcək və onlara rəsmi cavab təqdim olunacaq.