Əl titrəməsinin 5 səbəbi

30 İyul 2026 05:08

Əllərin titrəməsi çox vaxt narahatlıq yaratsa da, hər zaman ciddi xəstəlik əlaməti olmur. Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda bu vəziyyət gündəlik faktorlarla bağlı olur və aradan qalxa bilər.

Medicina.az Fransız mətbuatına istinadla əllərin titrəməsinə səbəb ola bilən əsas amilləri təqdim edir:

1.Həddindən artıq kofein və stimullaşdırıcılar
Qəhvə, enerji içkiləri və nikotin sinir sistemini aktivləşdirərək əllərdə titrəməni daha görünən edə bilər.

2. Astma dərmanları
Bəzi bronx genişləndirici preparatlar əzələlərin həssaslığını artıraraq müvəqqəti titrəməyə səbəb ola bilər.

3. Antidepressantlar və əhval tənzimləyici dərmanlar
Bəzi dərmanlar sinir sistemi fəaliyyətinə təsir göstərərək əllərdə yüngül titrəmə yarada bilər.

4. Qanda şəkərin azalması
Hipoqlikemiya zamanı orqanizm stress hormonları ifraz edir və bu, titrəmə, soyuq tər və halsızlıqla müşayiət oluna bilər.

5. Güclü yorğunluq və stress
Yuxusuzluq, fiziki tükənmə və emosional gərginlik təbii titrəməni artırır.
Mütəxəssislər bildirirlər ki, titrəmə qəfil başlayırsa, sürətlə artırsa, bədənin yalnız bir tərəfində müşahidə olunursa və ya əzələ sərtliyi ilə müşayiət edilirsə, həkimə müraciət etmək lazımdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)