Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

31 İyul 2026 00:02

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər.

Milli.Az xəbər verir ki, araşdırma zamanı son 45 il ərzində 30 ölkədən toplanmış minlərlə genetik nümunə təhlil edilib. Nəticələrə görə, müasir quşçuluq təsərrüfatları insanlarda mədə-bağırsaq infeksiyalarının əsas səbəblərindən biri hesab olunan "Campylobacter" bakteriyasının yayılmasını 100 dəfədən çox sürətləndirə bilər.

Tədqiqat müəllifləri qeyd edirlər ki, son onilliklərdə dünyada toyuq istehsalının sürətlə artması bu prosesə təsir göstərib. Məlumata görə, 1960-cı illərdən bəri dünyada toyuqların sayı yeddi dəfə artaraq 31 milyarda çatıb. Hazırda Yer üzündəki bütün quşların biokütləsinin təxminən 70 faizini fermalarda yetişdirilən toyuqlar təşkil edir.

Alimlərin fikrincə, quşların sıx şəraitdə və kütləvi şəkildə saxlanılması bakteriyaların daha sürətlə yayılmasına şərait yaradır. Bu da infeksiyaların quş ətindən insanlara keçməsi riskini artırır.

Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr toyuq ətindən imtina etməyin vacibliyi anlamına gəlmir. Əsas məsələ qida təhlükəsizliyi qaydalarına əməl etmək, toyuq ətini tam bişirmək, çiy ətin digər qidalarla təmasının qarşısını almaq və mətbəx gigiyenasına diqqət yetirməkdir. Bu tədbirlər Campylobacter və digər qida mənşəli infeksiyaların qarşısını almaqda mühüm rol oynayır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)