"Mançester Siti" Rodriyə əvəzləyici tapdı

30 İyul 2026 13:32

"Mançester Siti"nin, karyerasını "Real Madrid"də davam etdirməyə yaxın olduğu bildirilən İspaniya millisinin yarımmüdafiəçisi Rodrinin yerini doldurmaq üçün yeni namizəd müəyyənləşdirdiyi iddia olunur.

Milli.Az xəbər verir ki, idman jurnalisti Nikolo Skiranın yaydığı məlumata görə, İngiltərə təmsilçisi "Lill"in mərakeşli futbolçusu Əyyub Buaddini transfer etməyə yaxındır.

Məlumata əsasən, tərəflər 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilənin şəxsi şərtləri ilə bağlı razılığa gəliblər. Transferin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.

Bundan əvvəl yayılan xəbərlərdə "Lill"in 18 yaşlı yarımmüdafiəçinin transferindən 100 milyon dollar gəlir əldə etməyi planlaşdırdığı bildirilmişdi.

Digər tərəfdən, Rodrinin "Real Madrid"ə keçid üçün razılıq verdiyi iddia olunur.

Geridə qalan mövsümdə Əyyub Buaddi klub səviyyəsində bütün turnirlərdə 42 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun "Lill"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, onun hazırkı bazar dəyəri 80 milyon dollar təşkil edir. DÇ-2026-da isə gənc futbolçu milli komandasının heyətində beş oyunda iştirak etsə də, məhsuldar göstərici ilə fərqlənməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)