"Şalke" Bosniya və Herseqovina millisinin kapitanı Edin Dzeko ilə yeni müqavilə imzalayıb.
Milli.Az xəbər verir ki, Qelzenkirhen təmsilçisi 40 yaşlı hücumçunun sözləşməsinin müddətini daha bir mövsüm artıraraq onu 2027-ci ilin yayına qədər komandada saxlayıb.
Edin Dzeko ötən qış "Fiorentina"dan azad agent kimi "Şalke"yə qoşulmuşdu. Təcrübəli futbolçu Almaniya klubunun heyətində keçirdiyi 11 qarşılaşmada 6 qola imza atıb, həmçinin 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bosniya və Herseqovina millisinin heyətində DÇ-2026-da dörd oyunda meydana çıxan Edin Dzeko turnirdə bir məhsuldar ötürmə müəllifi olub. Həmin assist qrup mərhələsində Qətər üzərində 3:1 hesablı qələbə qazanılan görüşdə qeydə alınıb. O, milli komandanın heyətində ümumilikdə 151 oyunda 73 qol vurub.
Qeyd edək ki, ötən mövsüm "Şalke" 2-ci Bundesliqanın qalibi olaraq üç illik fasilədən sonra yenidən Almaniyanın yüksək liqasına vəsiqə qazanıb. Qelzenkirhen klubu yeni mövsümə avqustun 24-də Almaniya Kubokunda "Halleşer"ə qarşı keçiriləcək səfər oyunu ilə start verəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)