Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər

31 İyul 2026 04:04

Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır.

Milli.Az xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarında ayaqyalın gəzməmək və şəxsi dəsmal, başmaqdan istifadə etmək vacibdir. Bu, göbələk infeksiyaları və digər dəri xəstəliklərindən qorunmağa kömək edir.

Hovuz suyunu udmamaq, üzgüçülük eynəyindən istifadə etmək və açıq yara olduqda hovuza girməmək də tövsiyə olunur. Həmçinin ishal, yüksək hərarət və ya yoluxucu xəstəlik əlamətləri olan şəxslər hovuzdan istifadə etməməlidirlər.

Valideynlərə uşaqların hovuzda gigiyena qaydalarına riayət etməsinə nəzarət etmək, körpələr üçün isə xüsusi üzgüçülük bezlərindən istifadə etmək məsləhət görülür.

Mütəxəssislərin sözlərinə görə, hovuz suyunun mütəmadi dezinfeksiya olunması və keyfiyyətinə nəzarət edilməsi də yoluxucu xəstəliklərin qarşısının alınmasında əsas amillərdəndir.

Milli.Az-da yayımlanan sağlamlıq məlumatları yalnız məlumat xarakterlidir və həkim məsləhətini əvəz etmir. Diaqnoz və müalicə üçün mütləq həkiminizə müraciət edin.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)